Fermerin Qızıl Mövsümü: Bərəkətli Ot Biçini və Maksimum Qazancın Sirləri
Havaların isinməsi sahələrdə ot biçininin başladığından xəbər verir. Hər bir fermer bilir ki, qışın ruzisi məhz bu günlərdə sahədə qazanılır. Lakin əsas məsələ otu yüksək qida dəyəri ilə, vaxt itirmədən və texnikanı yormadan tədarük etməkdir. Mövsümü daha səmərəli və qazanclı keçirməyiniz üçün sahənin peşəkarlarından faydalı tövsiyələri təqdim edirik.
1. Düzgün Biçin Hündürlüyü
Bir çox fermer sahədən daha çox ot çıxarmaq üçün biçini torpağa çox yaxın (0-3 sm) aparır. Bu, qısamüddətli qazanc kimi görünsə də, əslində növbəti biçinin məhsuldarlığını aşağı salır. Yonca və digər yem bitkilərinin yenidən sürətlə inkişaf etməsi üçün torpaqdan 5-7 sm hündürlükdə pay saxlanılması məsləhət görülür. Bu "pay" bitkinin nəfəs almasına və ikinci biçinin daha gür gəlməsinə şərait yaradır. Otu torpağa çox yaxın kəsmək həm bitkinin sonrakı inkişafına mənfi təsir edir, həm də biçici bıçaqların torpağa, daşa dəyərək sıradan çıxmasına səbəb ola bilər.
2. İtilənməmiş Bıçaqların Yanacaq Sərfiyyatına Təsiri:
Küt bıçaqla işləmək traktoru daha çox gücə salır və yanacaq sərfiyyatını 15-20% artırır. Küt bıçaq otu kəsmir, sanki döyərək qoparır ki, bu da bitkinin uclarının saralmasına və qidalılığının düşməsinə gətirib çıxarır. Sahəyə çıxmazdan əvvəl bıçaqların kəsərini yoxlamaq həm keyfiyyətli iş, həm də cibinizə qənaət deməkdir.
3. İdeal Biçin Vaxtının Seçilməsi:
Otun tərkibindəki protein və qida dəyəri bitki çiçəkləmə dövrünə keçdikcə azalmağa başlayır. Ən ideal biçin vaxtı yoncanın tumurcuqlama dövrünün sonu, çiçəkləmənin isə yeni başladığı (təxminən 10%-i çiçəkləyəndə) vaxt hesab olunur. Həmçinin, biçini səhər şeh çəkildikdən sonra, lakin günorta qızmar isti başlamazdan əvvəl aparmaq otun rənginin və vitaminlərinin qorunması üçün olduqca faydalıdır. Xüsusilə havaların artıq isindiyi zamanda kondisionerli traktor seçimi həyat qurtarır. Bu nöqtədə müasir, çevik və dözümlü traktorlar sahədə işinizi rahatlaşdırır.
4. Texniki Baxış
Biçin zamanı sürətli olmaq hər kəsin istəyidir, lakin biçicinin dövriyyə sayı ilə traktorun sürətinin bir-birinə uyğun olması işin keyfiyyətini təyin edir. Texnikanın sazlığı üçün sahəyə çıxmadan əvvəl mühərrik yağının səviyyəsini yoxlamaq, filtrləri və ümumi maye kəmiyyətlərini kontrol edib dəyişmək, həmçinin radiatorun təmizliyinə nəzarət etmək motorun qızmasının qarşısını almağa kömək edər.
Yekun olaraq: Yaxşı məhsul təkcə yaxşı torpaqdan deyil, həm də düzgün texnika və peşəkar yanaşmadan asılıdır. Agritex olaraq biz həmişə yanınızdayıq – həm ehtiyat hissələri, həm servis, həm də sahənizə ən uyğun texnika seçimi ilə.
